Küveyt və İordaniya azərbaycanlıları beynəlxalq təşkilatları Ermənistana təzyiq göstərməyə çağırıblar

07.05.2021

"Vətənsevər" Azərbaycan–Küveyt Mədəniyyət və Dostluq Cəmiyyəti və İordaniyadakı Azərbaycan diasporu Ermənistanın mina xəritələrini ölkəmizə təhvil verməməsinə etiraz əlaməti olaraq beynəlxalq təşkilatlara müraciət ediblər.
"Vətənsevər" Azərbaycan–Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə və Azərbaycan diasporunun sədri Zümrüd Dadaşovanın imzaları ilə Birləşmiş Millətlər Təşkilatına və "Amnesty İnternational" beynəlxalq hüquq-müdafiə təşkilatına ünvanlanan müraciətlərdə bildirilib ki, II Qarabağ müharibəsi başa çatsa da, Ermənistan hökumətinin yolverilməz davranışı səbəbindən Azərbaycan vətəndaşları təhlükəsiz şəkildə doğma yurdlarına qayıda bilmirlər.
Qeyd edilib ki, rəsmi İrəvanın beynəlxalq konvensiyalara zidd davranışı təkcə Azərbaycan vətəndaşlarının evlərinə dönmək arzusuna böyük əngəl törətmir, həm də uzun illərin həsrətindən sonra doğma torpaqlarını görmək istəyində olan məcburi köçkünlərin həyatlarını itirməsi ilə nəticələnir. Müharibə başa çatandan indiyədək mina partlayışı nəticəsində 20 nəfərin həlak olduğu və 85 nəfərin ağır yaralandığı nəzərə çatdırılıb.
Müraciət müəllifləri Azərbaycan vətəndaşlarının təhlükəsiz şəkildə evlərinə dönməsinin təmin edilməsi naminə beynəlxalq təşkilatları öz təsir gücündən istifadə etməyə, mina xəritələrini təqdim etməsi ücün Ermənistana təzyiq göstərməyə çağırıblar.