Həmvətənlərimiz Ukraynada uşaq xəstəxanasına yardım ediblər

27.04.2021

"Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresi" ictimai təşkilatının təşəbbüsü ilə Jitomir şəhərində xeyriyyə aksiyası keçirilib.

Konqresin sədri İlqar Məmmədov bildirib ki, xeyriyyə aksiyası zamanı Ukraynanın Jitomir vilayətindəki uşaq xəstəxanasına məişət texnikası təqdim edilib.

Qeyd edib ki, bu aksiya Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərən, Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmlənməsində böyük xidmətləri olan görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə təşkil olunub.

Tibb müəssisəsinin direktoru Yuri Dovqopolı zərif təşəbbüsə - xeyriyyəçilik addımına görə Azərbaycan diasporuna minnətdarlığını bildirib və deyib ki, rəhbərlik etdiyi səhiyyə ocağının bu hədiyyəyə xüsusi ehtiyacı var idi.