ABŞ-da Azərbaycanın Milli Qəhrəmana həsr olunmuş müsabiqə elan edilib

27.04.2021

Azərbaycan-Amerika Qadın Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum gününə həsr edilmiş yazı müsabiqəsi elan edilib.

Azərbaycan-Amerika Qadın Cəmiyyətinin rəhbəri Minəvvər Vahabova bildirib ki, aprelin 25-də cəsur tankçı, Milli Qəhrəman, doğma vətəni Azərbaycanı qanından-canından artıq sevən yəhudi əsilli Albert Aqarunovun doğum günüdür: "Vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhidlik zirvəsinə yüksələn Albertin xatirəsi xalqımız və dövlətimiz üçün hər zaman əzizdir. Albert Aqarunovun doğum günü ərəfəsində cəmiyyətimiz 10-20 yaşında gənclər arasında "Mən Azərbaycan haqqında nə bilirəm?" mövzusunda yazı müsabiqəsi təşkil edir".

Müsabiqədə iştirak etmək istəyən gənclər iki çap vərəqi həcmində yazdıqları inşa yazısını aawany65@gmail.com elektron ünvanına göndərməlidirlər. Müsabiqənin şərtlərinə əsasən, inşalar ingilis dilində yazılmalı və plagiatdan uzaq olmalıdır. Rəssamlıq qabiliyyəti olan gənclər inşa yazısına uyğun rəsm əsərini də üçüncü səhifə kimi əlavə edə bilərlər. Amma bu, şərt deyil, yalnız arzuolunandır.

Müsabiqəyə aprelin 25-də start verilib, yazıların qəbulu üçün son tarix mayın 15-dir.

Münsiflər heyəti tərəfindən müəyyən ediləcək qaliblərin adları mayın 28-də Azərbaycanın milli bayramı - Respublika günündə açıqlanacaq və I, II və III yerlər üzrə mükafatlandırma mərasimi həyata keçiriləcək. I yeri tutan qalibə 500, II yerin qalibinə 300, III yerə çıxan qalibə 200 dollar məbləğində pul mükafatlarının verilməsi nəzərdə tutulub. Bütün iştirakçılara sertifikatlar təqdim ediləcək.