İğdırdakı əngəlli vətəndaşlara 90 ədəd təkərli araba təqdim edilib

26.04.2021

Niderland Krallığında fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə Türkiyənin İğdır şəhərində xeyriyyə aksiyası keçirilib.
"Əcnəbilərdən müqəddəslərə, Hollandiyadan İğdıra" şüarı ilə gerçəkləşdirilən xeyriyyə mərasimində İğdırın Mələkli Bələdiyyəsinin sədri Eray Coşar və Niderland Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın çıxış ediblər. Sözünə minnətdarlıqla başlayan bələdiyyə sədri bildirib ki, təkərli arabalara ehtiyacı olan əngəlli vətəndaşların siyahısını müəyyənləşdirərək Niderlanddakı diaspora göndəriblər.
"Topladıqları pulla aldıqları təkərli arabaları yük maşını ilə İğdıra gətirdilər. Bu mübarək ayda 90 əngəlli qardaşımız böyük sevinc yaşadı. Məqsədimiz onların gündəlik həyatda fəal iştirakını təmin etməkdir. Əngəlli vətəndaşlarımızın üzündə təbəssüm yarada bilməyimiz bizi çox sevindirir və qürurlandırır", - deyə Coşar vurğulayıb.
İ.Aşkın qeyd edib ki, "Xaricilərdən ölkəyə, Hollandiyadan İğdır'a" şüarı ilə başladıqları kampaniya böyük marağa səbəb olub: “Qürbətçi qardaşlarımız lazımi dəstəyi verdi. 80 avtomatik (batareyalı) təkərli araba və 10 mexaniki arabanı yük maşınına yükləyib İğdıra göndərdik. Buradakı insanların üzündəki təbəssüm hər şeyə dəyər".
Aksiya 90 təkərli arabanın təqdim olunması və avtomatik arabaların idarə olunmasına dair kiçik təlimin verilməsilə yekunlaşıb.