Almaniyanın Münhen şəhərində Novruz bayramına həsr olunan aksiya təşkil edilib

28.03.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Münhen şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin direktoru Səttar Kərimov deyib ki, tədbir Münhendə fəaliyyət göstərən Azərbaycan Evində başlayıb. Pandemiya məhdudiyyətləri səbəbindən qapalı yerlərdə toplaşmaq qadağan olunduğu üçün mərkəzin bir neçə üzvünün iştirakı ilə Azərbaycan evində Novruz guşəsi yaradılıb.
Sonra Mədəniyyət Mərkəzinin bir neçə üzvü milli geyimdə şəhərin mərkəzi Platz meydanında məlumatlandırma xarakterli aksiya keçiriblər. Aksiyanın əsas məqsədi yerli ictimaiyyətə Azərbaycanın milli-mədəni dəyərləri, Novruz bayramı barədə məlumat vermək olub. Aksiya iştirakçıları şəhər sakinlərini üzərində QR kodları yerləşdirilən Novruz şirniyyatlarına qonaq ediblər. Bununla da Münhen sakinləri Novruzun tarixi, mahiyyəti, adət-ənənələri, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın xoşməramlı səfir kimi fəaliyyəti nəticəsində Novruz bayramının UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınması barədə ətraflı məlumat əldə edə biliblər.