"Azİz" qədim bayrama həsr etdiyi "Salam, Novruz!" verilişini təqdim edib

27.03.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və "Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə Youtube kanalında "Salam, Novruz!" adlı internet verilişi təqdim edilib.
Verilişi giriş sözü ilə "Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman açıb. Qeyd edib ki, builki Novruz bayramının işğaldan azad olunmuş torpaqlarımızda keçirilməsi böyük sevinc hissi doğurub.
Tədbirin qonağı olan Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova "Həyat və bahar bayramı" mövzusunda təqdimatla çıxış edib. Novruz bayramının qədimliyinə diqqəti cəlb edən muzey direktoru bildirib ki, qüdrətli söz ustadı, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə" toplusunda Novruz bayramının ilk dəfə eramızdan əvvəl 350-ci ildə qeyd edildiyi göstərilib. Novruz bayramına xas olan adət-ənənələr barədə müfəssəl məlumat verən natiq nəzərə çatdırıb ki, SSRİ dövründə bu bayramın adının çəkilməsi belə qadağan olunub. Yalnız 1960-cı illərin ikinci yarısında bu bayramın Bahar bayramı kimi qeyd olunmasına icazə verilib. 1991-ci ildə dövlət müstəqilliyi əldə olunandan sonra isə Novruz bayramı da azadlığına qovuşub və rəsmi dövlət bayramı olaraq kütləvi şəkildə qeyd edilməyə başlanıb. 2009-cu ildən isə Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısısına daxil edilib.
Videotəqdimatı daha ətraflı şəkildə aşağıdakı linkdən izləmək mümkündür:
https://youtu.be/OESJBekwZ-E