Ankarada Novruza həsr olunmuş bayram tədbiri keçirilib

26.03.2021

Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) və Azərbaycanın Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə Ankara şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Pandemiya qaydalarına uyğun olaraq baş tutan tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, Türkiyə–Azərbaycan İş Şurasının sədri Səlcuq Akat, iş adamları Kamil Sanduz, Hakan Kılıc, Mühsin Şaşmaz, general-mayor Əhməd Hacıoğlu, sabiq millət vəkilləri Mətin İşıq, Hüseyn Kocabıyık, Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfinin sədri Yəhya Akəngin kimi tanınmış şəxslər iştirak ediblər.
Bayram tədbirində giriş sözü ilə ölkəmizin Türkiyədəki səfirliyinin birinci katibi Elçin Allahverdiyev və TADƏHF sədri, professor Aygün Attar çıxış ediblər. Onlar tədbir iştirakçılarını və bütün Türk Dünyasını Novruz bayramı münasibətilə təbrik ediblər, 28 il sonra Qarabağın işğaldan azad olunmasının builki bayram ovqatını ikiqat yüksəltdiyinə, azad olunmuş torpaqlarımızda tonqalların qalandığına diqqəti cəlb ediblər. "Əcdadımın övladıma əmanəti olan bayramımız mübarək olsun! Evlərimizə şənlik, dövlətimizə və millətimizə güc, insanlığa gözəllik aşılayan Novruz xoş gəldi! Yeni ilimiz mübarək, həyatımız xoşbəxt olsun!", - deyə Aygün Attar bildirib.
Tədbirin bədii hissəsində milli geyimdə olan musiqiçilərimizin ifasında Azərbaycan xalq və bəstəkar mahnıları səsləndirilib.