ABŞ mətbuatında Novruz bayramından bəhs edilib

15.03.2021

ABŞ-ın Minneşota ştatında fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin rəhbəri Günel Rallisin təşəbbüsü ilə ölkənin "Sun Thisweek" nəşrində Novruz bayramına və soydaşlarımızın gördüyü işlərə həsr edilmiş məqalə dərc olunub.
Məqalədə bildirilib ki, martın 20-də Azərbaycanda və dünyada, eləcə də ABŞ-ın qardaşlaşmış şəhərlərində Novruz bayramı qeyd ediləcək. Onların arasında 1500 minnesotalı da olacaq. Bu il azərbaycanlıların Novruz bayramını pandemiya qaydalarına uyğun şəkildə keçirəcəkləri nəzərə çatdırılıb.
"ABŞ-dakı Yeni il kimi Novruz bayramı da dinlə bağlı deyil", - deyə G.Rallis vurğulayıb.
Bildirilib ki, bu il Azərbaycanda Novruzun keçirilməsi başqa məna kəsb edəcək, çünki ötən il ölkəmiz 30 illik müddətdən sonra Ermənistan tərəfdən işğal olunmuş torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün bərpa olunması uğrunda aparılan Vətən müharibəsində qələbə qazanıb.
Məqalədə Minneşota ştatının Tvins şəhərində münaqişə ilə əlaqədar "Qarabağ Azərbaycandır!", "Xocalıya ədalət" şüarlı lövhələrin quraşdırıldığı, Minnesotada ilk dəfə bu il 26 fevral tarixinin Azərbaycan Günü elan edildiyi, azərbaycanlıların ABŞ-a mühacirət tarixi, təbii ehtiyatlarla zəngin Azərbaycanın multikultural dəyərlərə sadiq olduğu, qonaqpərvərliyi və sair barədə geniş məlumat verilib.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.hometownsource.com/sun_thisweek/community/burnsville/happy-novruz-azerbaijanis-to-celebrate-the-new-year/article_cf557c3a-82aa-11eb-bf29-37b6a8407f88.html