Siyasi analitik Kanadanı Xocalı soyqırımını tanımağa çağırıb

04.03.2021

Kanada yəhudilərinin “thej.ca” xəbər saytında “Kanada Xocalı soyqırımını da tanımalıdır” sərlövhəli məqalə dərc olunub.
Siyasi analitik Reyçel Avrahamın qələmə aldığı məqalədə bildirilib ki, bu yaxınlarda Kanada Nümayəndələr Palatası Çinin uyğurlara qarşı həyata keçirdiyi tədbirləri soyqırımı kimi tanıyıb. İnsanlığa zidd cinayətlər baxımından bu addımın təqdirəlayiq olduğu və alqışlandığı nəzərə çatdırılıb. Qeyd edilib ki, Palatanın Ermənistana münasibətdə bu addımı atmaması ikili standart kimi qiymətləndirilir. Müəllif təəssüflə xatırladıb ki, uyğurlarla bağlı qərarın verildiyi həftədə Azərbaycanda Xocalı soyqırımının qurbanları anılırdı.
"Təəssüf ki, Kanada da daxil olmaqla, həddindən artıq çox ölkələr bu soyqırım aktı baş verərkən susdular və indiyədək Xocalıda baş verənləri soyqırımı kimi tanımaqdan imtina edirlər. Bu, çiddi səhvdir. Kanada və əksər beynəlxalq ictimaiyyət bu səhvi tezliklə düzəltməlidir. Əgər keçmişdə baş vermiş belə soyqırımları indiyədək tanımaqdan imtina edənlər hələ də çoxdursa, Çində uyğurlara qarşı soyqırımın dayandırılacağına necə ümid bəsləyə bilərik?!", - deyə müəllif nəzərə çatdırıb.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.thej.ca/2021/03/03/canada-must-also-recognize-khojaly-genocide/