İlk qadın pilotlara həsr olunmuş videokonfrans təşkil edilib

09.03.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, "Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyası və Azərbaycan Milli Aviasiya Akademiyasının birgə təşkilatçılığı ilə 8 mart – Beynəlxalq qadınlar günü münasibətilə müxtəlif ölkələrin ilk təyyarəçi qadınlarına həsr olunmuş “Səmanın qəhrəmanları” adlı beynəlxalq videokonfrans keçirilib.
Konfransın moderatoru, "Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman tədbir iştirakçılarını 8 mart bayramı münasibətilə təbrik edib, hərbi və nəqliyyat aviasiyasının ilk qadın pilotları, onların II Dünya müharibəsi zamanı qələbəyə bəxş etdikləri töhfələr barədə danışıb.
Konfransda Milli Aviasiya Akademiyasını və Azərbaycan Aviasiya Muzeyini təmsil edən Rübabə Əbiyeva, Akademiyanın müəllimləri Səbinə Estrova, Əmirxan Eyyubov, Leyla və Xanlar Məmmədbəyovlar, Rəna Fel (Mirqasımova), İstanbuldan "Trizomaniya" layihəsinin müəllifi Ruhi Kaykayoğlu, İsraildən hərbi texnika üzrə mütəxəssis, yazıçı, jurnalist Aleksandr Şulman, tarixçi və publisist Yakov Basin, rəssam Larisa Lvovskaya və "Azİz"in Yerusəlim şöbəsinin rəhbəri Aleksandr Aqranovski çıxış ediblər.
Onlar Azərbaycan, Türkiyə, İsrail və Rusiya aviasiyasının tarixi və inkişafı, Azərbaycanın ilk təyyarəçi qadınları Leyla Məmmədbəyova, Sona Nuriyeva, Züleyxa Seyidməmmədova, Azərbaycan səmasının "dəmir ledisi" adlandırılan İradə Bağırova, Türkiyənin ilk pilot qadını Sebiha Gökçen, İsrail HHQ-də ilk qadın pilot Yael Rom-Finkelşteyn, yəhudi əsilli Sovet İttifaqı qəhrəmanı Polina Gelman barədə ətraflı məlumat veriblər. Müasir dövrdə qadınların aviasiya sahəsinə maraqlarının daha da artdığı və bu sahə üzrə müxtəlif peşələrdə çalışdıqları diqqətə çatdırılıb.

Videokonfransı aşağıdakı linkdən izləmək mümkündür:
https://youtu.be/zecilX8Tmx8