Rusiyanın Çeboksarı şəhərində Xocalı soyqırımının qurbanları yad edilib

04.03.2021

Rusiya Federasiyasının Çuvaş Respublikasında yaşayan azərbaycanlı icmasının təşkilatçılığı ilə Çeboksarı şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Biznes mərkəzində baş tutan tədbirdə respublikada yaşayan Xalqlar Assambleyasının nümayəndələri, mari, tatar, çeçen, Dağıstan, özbək, tacik və Pakistan diasporlarının rəhbərləri iştirak ediblər.
Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Sonra Xocalı soyqırımı haqqında sənədli film nümayiş etdirilib.
Çıxış edənlər 1992-ci ildə Ermənistanın siyasi rəhbərliyinin Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin qırılması barədə əmr verməsini sərt şəkildə pisləyiblər, bunu insanlıqdan kənar və barbar davranış kimi qiymətləndiriblər. Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı aktı kimi tanınmasının və cinayətkarların məsuliyyətə cəlb olunmasının vacibliyi vurğulanıb. Qeyd edilib ki, məhz bu qətiyyətli addımların atılması gələcəkdə belə faciələrin qarşısını ala, Azərbaycan və Ermənistan xalqları arasında möhkəm sülhün və barışın bərqərar olmasına gətirib çıxara bilər.