Minsk şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

04.03.2021

Belarusda fəaliyyət göstərən "Azərbaycan İcmaları Konqresi"nin və onun gənclər qanadının təşkilatçılığı ilə Minsk şəhərində Xocalının 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
M.Tanka adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində baş tutan tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirin aparıcıları Zaur Qurbanlı və Lamiyə Əmiraslanova Xocalı soyqırımı barədə ətraflı məlumat veriblər. Tədbirdə "Azərbaycan İcmaları Konqresi"nin sədr müavini İlham Hacıyev, Azərbaycanın Belarusdakı səfirliyinin hərbi attaşesi Elşən Rəhimov, mərkəzin rəhbəri Şəfiqə Məmmədova çıxış ediblər. Natiqlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın hərbçilərinin dəstəyi ilə Xocalıda mülki Azərbaycan vətəndaşlarına qarşı xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri kütləvi qırğını XX əsrin dəhşətli soyqırımlarından biri adlandırıblar. Beynəlxalq birliyin bu cinayətə hüquqi-siyasi qiymət verməsinin və soyqırım aktı olaraq tanımasının, günahkarların cəzalandırılmasının zəruriliyi vurğulanıb.
Sonra konqresin gənclər qanadının üzvləri Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş "Şəhid anası" poemasını oxuyublar.
Tədbir litvalı jurnalist Riçard Lapaitisin müəllifi olduğu "Sonsuz dəhliz" sənədli filminin nümayişi ilə yekunlaşıb.