ŞKTR-da Xocalı soyqırımı işıqlandırılıb və parlamentdə soyqırımı qurbanlarının xatirəsi anılıb

02.03.2021

Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşəbbüsü ilə ölkənin aparıcı telekanalları və kütləvi informasiya vasitələri Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar xəbərləri geniş şəkildə işıqlandırıb.
Kanal T-nin "Gündəm Özəl", "Kıbrıs" TV-nin "Manşet", BRT kanalının "Gündem+", "Günəş" TV-nin "Parantez", "Hakikat" internet TV kanalının “Azərbaycan Saatı” proqramlarında isə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib. Bu amansız qətliamın baş verməsinin əsas səbəbləri, xalqımıza qarşı törədilən cinayətlərin nəticələri barədə izləyicilərə ətraflı məlumatlar verilib. "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycan diaspor təşkilatlarının və xaricdə yaşayan azərbaycanlıların Xocalı soyqırımının tanıdılması ilə bağlı həyata keçirdikləri tədbirlərdən danışılıb.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Şimali Kipr Türk Respublikası Parlamentində millət vəkilləri Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini anıblar. Parlamentdə çıxış edən millət vəkili, baş nazirin müavini professor Ərhan Arıqlı, millət vəkili Zorlu Törə bu cinayətlərdə əli olanları və icra edənləri qınayıblar. Bildirilib ki, 29 il öncə Azərbaycanın Xocalı şəhərində baş verən terror hadisəsi layiqli hüquqi qiymətini almayıb və cinayəti törədənlər cəzasız qalıb. "Bu il 44 günlük vətən müharibəsi zamanı Azərbaycan əsgəri Xocalıda yaşananların qisasını almağa nail olub. Biz heç bir zaman bu soyqırımı unutmayacağıq", - deyə Ə.Arıqlı vurğulayıb.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin Xocalı soyqırımını lənətləyən bəyanatı da KİV-ləri tərəfindən yayımlanıb.