ABŞ-ın Skoki şəhərində “Xocalıya ədalət” sərgisi təşkil edilib

02.03.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədovun təşəbbüsü ilə "Xocalıya ədalət” (“Justice for Khojaly”) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində ABŞ-ın İllinoys ştatının Skoki şəhərində sərgi təşkil edilib.
“İllinoys Holokost muzeyi”ndə təşkil edilən sərgidə 29 il öncə Xocalı şəhərində ermənilərin amansızcasına törətdiyi qətliamdan lentə alınan fotolar, soyqırımı haqqında tarixi faktların yer aldığı məlumat lövhələri və insanlığa sığmayan faciədən bəhs edən kitablar nümayiş olunub. Sərgi zalında qoyulmuş xüsusi monitorlarda litvalı rejissor Andreas Brokasın Xocalı qırğınından bəhs edən “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filmi göstərilib.
Skoki şəhərinin meri Corc Van Dusen sərgini ziyarət edib və ermənilərin Xocalıda günahsız insanlara qarşı törətdiyi cinayəti qınayıb. Sərgi yerli sakinlərin diqqətini cəlb edib, onlar fotoşəkillərə baxaraq Xocalı faciəsi haqqında ətraflı məlumat alıblar.
Qeyd edək ki, artıq bir neçə gündür Skoki şəhərinin küçələrində üzərində faciəyə dair faktların əks olunduğu rəqəmsal plakatlı xüsusi avtomobil də hərəkət edərək yerli sakinləri Xocalı soyqırımı haqqında məlumatlandırmaqda davam edir.