İğdırda Xocalı soyqırımı ilə bağlı foto-sərgi təşkil olunub

27.02.2021

Türkiyə-Azərbaycan Dərnəyi (TÜRKAZD) İğdır şöbəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş foto-sərgi təşkil olunub.
"Xocalıya ədalət" adlı sərgidə azərbaycanlı və xarici jurnalistlərin çəkdiyi fotolar və soyqırımla bağlı sənədlər nümayiş olunub.
Sərgidə İğdır Valisi Hüseyin Engin Sarıibrahim, Azərbaycanın Qars şəhərindəki Baş Konsulu Nuru Quliyev, İğdır Polis İdarəsinin müdiri Hüseyin Göllüce KİV-nin və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.
Türkiyə-Azərbaycan Dərnəyi (TÜRKAZD) İğdır şöbəsinin rəhbəri İlteriş Kağan Taşkinsu 1992-ci ildə erməni silahlı qüvvələrinin törətdiyi insanlıq faciəsini ortaya qoymaq üçün bu sərginin hər il fərqli sahələrdə təşkil edildiyini bildirib.
İ.Taşkınsu soyqırımın ağır nəticələrini fotoşəkillərlə ortaya qoyduqlarını deyərək: "Hər kəsin Xocalını anlaması və izah etməsi lazım olduğuna inanırıq. Çünki unudulan soyqırımlar mütləq təkrarlanır. 30 ilə yaxın müddət keçdikdən sonra Qarabağ torpaqları işğaldan azad edildi və haqq orada təzahür etdi. İnşallah, bir gün Xocalı qırğınına da ədalətli qiymət veriləcək"- qeyd edib.