Stokholmda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

27.02.2021

İsveçin paytaxtı Stokholmda Xocalı qətliamının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir İsveç-Azərbaycan Mədəniyyət Dərnəyinin (SAF) dəstəyi ilə təşkil edilib. Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə soyqırımından bəhs edən "Sonsuz dəhliz" filmi nümayiş olunub.
Tədbirdə çıxış edən dərnəyin sədri Sevda Dadaşova Xocalı faciəsi və soyqırımın acı nəticələri haqqında məlumat verib. Bildirib ki, Xocalı soyqırımının tanıdılması ilə bağlı İsveç parlamentinin deputatlarına məktub yazaraq çağırış edilib.
Qeyd edək ki, təşkilatın ofisində Xocalı soyqırımına həsr olunmuş anım guşəsi də təşkil olunub.