Florida ştatında Xocalı soyqırımının qurbanları yad edilib

26.02.2021

Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminovanın və "Florida Keys" müsabiqə layihəsinin rəhbəri Pərvin Muradovanın təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş beynəlxalq videokonfrans keçirilib.
Tədbirdə Azərbaycanın keçmiş ombudsmanı Elmira Süleymanova, Türkiyənin Mayami şəhərindəki Baş konsulu Burç Ceylan və ABŞ-ın müxtəlif ştatlarında yaşayan soydaşlarımız iştirak ediblər.
Videokonfrans Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Elmira Süleymanova, Burç Ceylan və Töhfə Eminova bildiriblər ki, fevralın 26-da dünya azərbaycanlıları tariximizin ən qara səhifələrindən biri, dərin ağrı və milli sarsıntı olan Xocalı soyqırımının 29-cu ildönümünü yad edirlər.
Xocalı soyqırımını XX əsrin ən dəhşətli kütləvi qırğını olan Srebrenitsa və Sonqmi ilə müqayisə edən natiqlər erməni silahlı qüvvələrinin dinc azərbaycanlılara qarşı törətdikləri amansız cinayət barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, xaricdə fəaliyyət göstərən bütün diaspor təşkilatları kimi ABŞ-dakı diaspor təşkilatları da erməni cəlladlarının xalqımızın başına gətirdikləri müsibətləri, o cümlədən Xocalı soyqırımını heç vaxt unutmayacaqlar. Bu dəhşətli cinayəti planlaşdıran və icra edənlərin ədalət məhkəməsi qarşısında cavab verməsinə nail olmaq məqsədilə beynəlxalq təşkilatlara və ABŞ dövlət qurumlarına bəyanat və məktublar ünvanlayacaqlar.
Tədbir "Florida Keys" müsabiqə layihəsinin rəhbəri Pərvin Muradovanın və müsabiqə iştirakçılarının ifasında klassik musiqi əsərlərinin təqdim edilməsilə yekunlaşıb.