Minsk şəhərində “Azərbaycanla tanışlıq” adlı tədbir təşkil edilib

09.02.2021

Belarusda fəaliyyət göstərən "Azərbaycan İcmaları Konqresi"nin təşkilatçılığı ilə "Müsəlman xalqlarının mədəniyyət günləri" layihəsi çərçivəsində "Azərbaycanla tanışlıq" adlı tədbir keçirilib.
Minski şəhərinin Baş Məscidində gerçəkləşdirilən tədbirdə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov, Türkiyənin bu ölkədəki səfirliyinin, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə Belarusun Müsəlman Dini Birliklərinin müftisi Bəkir Həzrət Şabanoviç, "Azərbaycan İcmaları Konqresi" Beynəlxalq İctimai Birliyinin sədri, Belarusun Əməkdar idman ustası Natiq Bağırov çıxış ediblər. Onlar bu tədbirin əhəmiyyətindən, Azərbaycan torpaqlarının 30 ilə yaxın işğaldan azad olunmasından, hazırda həmin torpaqlarda sülhün bərqərar olmasından danışaraq ölkəmizdə gedən inkişaf prosesləri barədə ətraflı məlumat veriblər.
“Azərbaycan İcmaları Konqresi”nin gənclər təşkilatının sədri Olesya Kosoykinanın aparıcılığı ilə davam edən tədbirdə Şanda Susanna Ağayeva, Səlimə Kamilova, Aysel-Anastasiya Ağalarova, Mariya İsmayılzadə və Tatyana Pilyutik çıxış edərək görkəmli şair Səməd Vurğunun "Azərbaycan" şeirini səsləndiriblər, Şanda Susanna Ağayeva və Hümbət Süleymanov xalqımızın milli geyimlərini nümayiş etdiriblər.
Sonra Azərbaycanın tarix və ənənələrindən bəhs edən sənədli film göstərilib. Tədbir iştirakçılarına ölkəmizin qədim mədəni abidələrindən ətraflı məlumat verilib və milli mətbəx nümunələri təqdim edilib.