Xarkovda Azərbaycanın Milli Qəhrəmanı yad edilib

30.01.2021

Ukraynanın Xarkov vilayətində fəaliyyət göstərən "Dostluq" Azərbaycan-Ukrayna Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin anım günü keçirilib.
Azərbaycan icmasının nümayəndələri və qəhrəmanın qızı Xarkov şəhərinin Studençeskaya küçəsində vaxtilə onun yaşadığı binaya vurulmuş memorial lövhəsini ziyarət ediblər. Lövhənin önünə güllər düzülüb və qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xarkovdakı məscidin axundu Niyaməddin Babayev ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhuna dualar oxuyub.
Anım mərasimində "Dostluq" Azərbaycan-Ukrayna Cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov, Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun nümayəndəsi İrina Matusyak, qəhrəmanın qızı Oksana Seryogina, "Dostluq" cəmiyyətinin idarə heyətinin üzvü Etibar Əhmədov çıxış ediblər.
Natiqlər xatırladıblar ki, 1992-ci il yanvarın 28-də əksəriyyəti qadın və uşaq olan 40 mülki azərbaycanlını daşıyan Mi-8 helikopteri erməni silahlıları tərəfindən "Stinger" raketi ilə Şuşa üzərində vurulub. Helikopterin komandiri Viktor Seryogin alışıb yanan helikopteri Şuşa şəhərinin üzərindən uzaqlaşdırmaqla, yüzlərlə sakinin həyatını xilas edib. Bu igidliyinə görə ukraynalı pilot Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bildirilib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanı 28 illik işğaldan azad etməklə, bütün şəhidlərimizin, o cümlədən Seryoginin də ruhunu şad edib. Azərbaycan rəhbərliyinin öz qəhrəmanlarına, onların ailələrinə göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilib.
Qeyd edək ki, "Dostluq" cəmiyyətinin təşəbbüsü ilə qəhrəmanın şərəfinə yaradılmış memorial lövhənin müəllifi bu təşkilatın idarə heyətinin üzvü, Ukraynanın Xalq rəssamı, Xarkov vilayətinin fəxri vətəndaşı Seyfəddin Qurbanovdur.