Gürcüstanda “20 Yanvar və 9 Aprel faciələrinin səbəbləri, fəsadları və ortaq dəyərləri” mövzusunda dəyirmi masa keçirilib

27.01.2021

25 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə “Azərbaycan və Gürcüstanın azadlıq mübarizəsi: 20 Yanvar və 9 Aprel faciələrinin səbəbləri, fəsadları və ortaq dəyərləri” adlı onlayn dəyirmi masa təşkil edilib.
Gürcüstandan 15 nəfər ekspertin qatıldığı tədbir iştirakçılarına müraciət edən Fövqəladə və səlahiyyətli səfir Faiq Quliyev Azərbaycan və Gürcüstanın tarixi bağlılığı, o cümlədən xalqlarımızın taleyində oxşar faciələrin baş verdiyini vurğulayaraq, Qara Yanvar hadisələrinin səbəbləri, mahiyyəti və tarixi nəticələri barədə ətraflı məlumat verib. O, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətə siyasi və hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib. Bildirib ki, hər iki ölkədə Şəhidlərin qanı bahasına əldə edilmiş müstəqillik dövründə Azərbaycan və Gürcüstan tarixi mehriban qonşuluq münasibətlərinə sadiq qalaraq, strateji tərəfdaşa çevriliblər və bu tərəfdaşlığın sayəsində Cənubi Qafqaz bölgəsinin yeni siması formalaşıb.
Gürcüstanlı ekspertlər öz çıxışlarında ölkələrimizin keçmişdə və hal-hazırda qarşılıqlı şəkildə bir-birini dəstəklədiyini bildirərək, gələcəkdə də hər iki dövlətin və bütövlükdə bölgənin maraqlarına xidmət edən strateji tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər. Heydər Əliyev və Eduard Şevardnadzenin təməlqoyucu xidmətlərini yada salaraq, bu gün də dövlət və hökumət başçıları arasında sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Gürcüstanlı ekspertlər Azərbaycan xalqını 44 günlük Vətən müharibəsində əldə edilən şanlı qələbə münasibəti ilə təbrik edib və bu tarixi hadisənin bölgədə yeni reallıqların yaranmasına səbəb olduğunu söyləyiblər. Dəyirmi masa iştirakçıları ölkələrimizin gələcəkdə də əlaqələndirilmiş şəkildə çıxış etməsinə dair əminliklərini ifadə ediblər.