Niderlandda “20 Yanvar – Qəhrəmanlıq salnaməmiz!” adlı videokonfrans keçirilib

22.01.2021

Niderland Krallığında fəaliyyət göstərən “Ana Vətən” Avropa Qadınlar Birliyi və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsi və Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının dəstəyilə 20 yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “20 Yanvar – Qəhrəmanlıq salnaməmiz!” adlı videokonfrans keçirilib.
Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, REAL TV-nin Avropa bürosunin rəhbəri Xatirə Sərdarqızının moderatorluğu ilə keçirilən tədbirdə “Ana Vətən” Avropa Qadınlar Birliyinin sədri, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva, BAK sədri Elsevər Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, Milli Məclisin üzvü Məlahət İbrahimqızı, Bakıdakı 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti, “Odlar Yurdu” Niderland-Azərbaycan Cəmiyyətinin sədri, bəstəkar-müğənni Firəngiz Bağırova, “20 Yanvar Cəmiyyəti”nin sədri Tahir Fətullayev, Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov, şairə Sevda Tahirzadə, “Vətən Müharibəsi Əlillərinə kömək” İctimai Birliyinin baş katibi Zamin Zeynallı, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin bacısı, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə və başqaları çıxış ediblər.
Natiqlər 20 Yanvar faciəsi zamanı xalqımızın birliyinin və milli ləyaqət hissinin sovet ordusunun top-tüfənginə qalib gəldiyini, Azərbaycan tarixinə qanlı hərflərlə yazılan bu hadisənin 31-cu ildönümünü xalqımızın baş ucalığı, qürur hissilə qarşıladığını vurğulayıblar, dəhşətli gecə ilə bağlı xatirələrini və fikirlərini bölüşüblər.
“Çox xoşbəxtik ki, 2021-ci ildə hər kəs 20 Yanvar faciəsinin 31-ci ildönümünü Qarabağ Zəfərinin fonunda xüsusi qürur hissi ilə qeyd edir”-deyə M.Ağamirzəyeva vurğulayıb.
“Günahsız, dinc nümayiş iştirakçılarının sovet rejiminin ordusu tərəfindən qəddarcasına gülləbaran edilməsi xalqımızın iradəsini sındıra bilmədi və 20 Yanvar günü Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil oldu. Diaspor təşkilatları 20 Yanvar faciəsinin dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bütün vasitələrdən istifadə edir. 2020-ci ildə diasporumuzun nümayiş etdirdiyi birlik və həmrəylik sübut etdi ki, xalqımız yenilməzdir və zamanla bütün istəklərə nail olacaq”, - deyə Elşad Əliyev qeyd edib.
"Hər il Şəhidlər Xiyabanını ürək ağrısı, borcluluq hissilə ziyarət edirdik. Keçən ilin sentyabr ayında başlayan Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəmizdən sonra hər kəs sanki şəhidlərimizə müjdə vermək, ruhlarını şad etmək üçün Şəhidlər Xiyabanına tələsirdi. Çox xoşbəxtik ki, Prezidentimiz, Müzəffər Ali Baş komandanımız cənab İlham Əliyevin rəhbərliyi, qəhrəman ordumuzun şücaəti nəticəsində şəhidlərimizin qanı yerdə qalmadı, işğal altında qalan Qarabağımız azadlığına qovuşdu, 1990-cı ilin 20 yanvarında şəhidlərimizin simvoluna çevrilən qırmızı qərənfillərin göz yaşını 2020-ci il Vətən müharibəsi şəhidlərinin simvolu olan "Xarı bülbül" çiçəyi sildi”, - deyə Məlahət İbrahimqızı bildirib.
Videokonfransda bəstəkar-müğənni Firəngiz Bağırovanın bəstələdiyi “Şəhidlər” musiqi kompozisiyası səslənib, “20 Yanvar – Qan yaddaşımız” adlı videoçarx nümayiş etdirilib.
Sonda "Niderland Azərbaycan evi"nin 20 Yanvar faciəsi ilə bağlı holland və ingilis dillərində hazırladığı bəyanat oxunub. Bildirilib ki, sənəd Avropanın siyasi qurumlarına göndərilib.