Tver vilayətində yaşayan azərbaycanlı iş adamı vəfat edib

08.01.2021

Azərbaycan diasporuna ağır itki üz verib. Rusiyanın Tver vilayətindəki "Tverqrajdanstroy" tikinti şirkəti Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Sərdar Süleyman oğlu Abdullayev koronavirusdan vəfat edib.

1951-ci ildə Azərbaycanın Kəlbəcər rayonunun Yanşaq kəndində dünyaya gələn həmvətənimiz 1973-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra mühəndis-mexanik kimi təyinatla Rusiyanın Kalinin (indiki Tver) vilayətinin Belı şəhərinə göndərilib.

Özünü yüksək ixtisaslı mütəxəssis və texniki cəhətdən savadlı rəhbər kimi tanıtmış S.Abdullayev 1991-ci ilin may ayından Kalininqrajdanstroy” vilayət İstehsalat Birliyinin rəisi təyin edilib, 1993-cü ilin iyul ayından bu günə qədər “Tverqrajdanstroy” Tikinti Şirkəti Qapalı Səhmdar Cəmiyyətinə rəhbərlik edib.

Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Tver şəhərində və Tver vilayətində milyonlarla kvadratmetr mənzil sahəsi, sənaye və sosial əhəmiyyətli iri obyektlər istifadəyə verilib.

"İqtisadi informasiya əsasında istehsalatın idarə edilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Tver Dövlət Texniki Universitetinin (TDTU) Fəxri Professoru, Verxnevoljsk Mühəndislik Akademiyasının həqiqi üzvü, strateji uçot və iqtisadi informasiya əsasında inşaat kompleksinin idarə edilməsi sahəsində məqalələrin müəllifidir.

Tikinti sahəsində xidmətlərinə görə "Rusiya Federasiyasının Əməkdar İnşaatçısı" və “Rusiyanın Fəxri İnşaatçısı” fəxri adları verilib, "Dostluq" ordeni və Azərbaycanın “Tərəqqi” medalı ilə təltif olunub.

Rusiya İnşaatçılar İttifaqının təqdimatına əsasən, “Alfa Biznes Klub” tərəfindən Londonda nüfuzlu beynəlxalq mükafata - “Yeni şəraitdə biznesin uğurlu tətbiqinə görə” Gümüş mükafat və Qızıl nişana, Amerika-Rusiya Sənaye-Ticarət Palatasının (ARCCI) Direktorlar Şurasının “Stabil yüksək istehsal göstəricilərinə şəxsi tövhəyə görə” nominasiyasında “Golden Galaxy” medalına layiq görülüb.

Fəal həyat mövqeyi ilə fərqlənən S.Abdullayev Tver şəhər sovetinin deputatı və Tver vilayəti Xalq Deputatları Sovetinin üzvü seçilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Sərdar Abdullayevin vəfatından kədərləndiyini bildirir, ailə üzvlərinə və yaxınlarına, Tverdəki diaspor nümayəndələrinə və soydaşlarımıza dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!