Çeçenistandakı soydaşımız Dövlət Komitəsinə minnətdarlığını bildirib

07.01.2021

Çeçenistan Respublikasının Milli muzeyinin böyük elmi işçisi, "Son hüdud" layihəsinin koordinatoru Yekaterina Tofiq qızı Muradova pandemiya dönəmində orada yaşayan aztəminatlı azərbaycanlı ailələrinə göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib.

Dövlət Komitəsinə ünvanladığı məktubunda Yekaterina Muradova bildirib ki, atası Tofiq Muradov azərbaycanlıdır və Rusiya Federasiyasının vətəndaşı olsa da, azərbaycanlı köklərini unutmur: "Həyat elə gətirib ki, bu yaxınlarda vəfat edən atamın tarixi Vətənində yaşamıram. Hazırda qızımla birlikdə Çeçenistan Respublikasında yaşayıram".

O, qeyd edib ki, koronavirus pandemiyası ilə mübarizə dönəmində DİDK vasitəsilə ilə Çeçenistan Respublikasında böyük çətinliklə üzləşmiş azərbaycanlılara yardımın təşkil edilməsinə nail olublar. Məhz, DİDK ilə Çeçenistanın gənclər üzrə naziri İsa İbrahimovun, "Vahid Rusiya" partiyasının Çeçenistan üzrə regional şöbəsinin icra komitəsinin rəhbəri Adlan Dinayevin, Rusiya qəhrəmanı Əhməd Kadırov adına regional ictimai fondun, "Daymoxk" və "Bismillah" xeyriyyə fondlarının, Qroznı şəhər meriyasının, Qudermes şəhər administrasiyasının və digər strukturların sıx əlaqələri hesabına Azərbaycan vətəndaşlarına yardımın təşkil edilməsi mümkün olub. Yardıma ehtiyacı olan azərbaycanlıların siyahısı müəyyənləşdirilib və soydaşlarımız ərzaq, maliyyə yardımı ilə təmin olunublar.

"Mənə ünvanlanan Təşəkkürnamədəki gözəl və xeyirxah sözlər üçün minnətdarlığımı bildirmək istərdim. Pandemiya ilə bağlı görülən işlərə dair vebinarda iştirak dəvətinə görə də ayrıca təşəkkürümü bildirirəm. Mən həm azərbaycanlıların, həm də Azərbaycan xalqının əsl dostları olan və Yer kürəsinin müxtəlif ölkələrində yaşayan digər millətlərin arasında yeni insanları tanıdım"- deyə Y.Muradova bildirib.

Yekaterina Muradova xalqımızı torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən müharibəsində qazandığımız Qələbə münasibətilə də təbrik edib: "Ədalət Zəfər çaldı!".

Tarixi Vətəninə faydalı olmaq məqsədilə Azərbaycanı vəsf edəcək məqalələr yazmağa hazırlaşdığını vurğulayan həmvətənimiz bildirib ki: "Mən Azərbaycan xalqının qızıyam və dövlətlərimiz arasında dostluğun möhkəmləndirilməsi işində öz xalqıma tövhə bəxş etmək istərdim".

Qeyd edək ki, 2020-ci ildə diaspor quruculuğunda xüsusi fəallıqlarına görə 273 nəfər, o cümlədən soydaşımız Y.Muradova 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşəkkürnamə ilə təltif edilib.