Qahirə şəhərində Həmrəylik Günü qeyd olunub

29.12.2020

"Vətənpərvər" Misirdəki Diaspor Təşkilatları Birliyinin təşkilatçılığı ilə Qahirə şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov öncə soydaşlarımızı başa çatmaqda olan ilin ən böyük tarixi hadisəsi – 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və böyük sərkərdəlik məharəti sayəsində azadlığa qovuşması münasibətilə təbrik edib: "İndi xarici ölkələrdə, o cümlədən Misirdə yaşayan hər bir azərbaycanlı qüdrətli və qalib xalqın nümayəndəsi kimi böyük qürur hissi keçirir. Artıq burada keçirilən tədbirlərdə heç kim bizə torpaqlarımızın niyə işğal altında olduğu sualını verə bilməyəcək. Biz Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi ölkənin vətəndaşlarıyıq və bununla fəxr edirik. Prezident İlham Əliyev XXI əsrdə torpaqları düşmən işğalından azad edən sərkərdə kimi adını tarixə qızıl hərflərlə yazdırıb".

Daha sonra soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edən birlik sədri Misirdəki diaspor təşkilatlarının 2020-ci ildə göstərdiyi fəaliyyətə nəzər salıb. Diaspor üzvü İnarə Osmanovanın xidmətləri xüsusi qeyd edilib. Qahirədəki diaspor mərkəzində Azərbaycan dili müəllimi olan İ.Osmanovanın 4 ildir Əzhər Universitetində doğma dilimizi könüllü şəkildə tədris etdiyi, 500-dən çox misirli tələbəyə dilimizi öyrətdiyi bildirilib.

Tədbirdə gələcək fəaliyyət istiqamətlərində səsləndirilən təkliflər də müzakirə edilib.