Rusiyadakı soydaşlarımız müxtəlif mükafatlara layiq görülüb

28.12.2020

Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının liderləri və fəal üzvləri 2020-ci ilin yekunlarına görə müxtəlif mükafatlara layiq görülüblər.

Arxangelsk vilayətinin qubernatoru A.Tsıbulskinin əmri ilə "Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının idarə heyətinin sədri Tərlan Qasımov iki mükafata – Azərbaycan xalqının mədəniyyət və adət-ənənələrinin qorunub saxlanılması və təbliğ edilməsinə görə Fəxri fərmana, "Arxangelsk vilayətində xeyriyyəçilik, könüllülük və mesenatlıq fəaliyyətinə dövlətin dəstəyi" haqqında yerli qanuna əsasən "Arxangelsk vilayətinin xeyriyyəçisi" adına layiq görülüb.

Samara vilayətinin Azərbaycanlılar Liqasının sədri Şirvan Kərimov Samara Quberniyası Dumasının "Qanuna xidmətə görə" fəxri nişanı ilə təltif edilib.

Diaspor fəalı Çingiz Əliyev isə karatenin inkişafında töhfələrinə görə Tuva Respublikasının Əməkdar məşqçisi fəxri adına layiq görülüb. Respublikanın başçısı Şolban Kara-ool fəxri adın vəsiqəsini 25 dekabr tarixində keçirilən təntənəli mükafatlandıma mərasimində Ç.Əliyevə təqdim edib.

Diasporla İş üzrə Dövlət Komitəsi mükafatlara layiq görülən soydaşlarımızı təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayır.