Men ştatında şanlı Qələbəmizi əks etdirən layihə həyata keçirilib

28.12.2020

ABŞ-ın Men ştatında Azərbaycanın Vətən müharibəsindəki tarixi qələbəsini əks etdirən layihə gerçəkləşdirilib.

Layihə Men ştatında Azərbaycan icmasının rəhbəri Tərlan Əhmədovun təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Bir həftə davam edəcək aksiya zamanı üzərində Azərbaycanın tarixi abidələrini, dövlət atributlarını, zəngin mədəniyyət nümunələrini, Bakı şəhərinin gözəlliklərini və Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi avtomobil ştatın müxtəlif şəhərlərində dolaşaraq sakinlərin diqqətini ölkəmizə cəlb edəcək. Elektron lövhədəki müxtəlif şəkillərin fonunda "Azərbaycanda inanc müxtəlifliyinə qayğı ilə yanaşılır", "Azərbaycanda gözəllik, mədəniyyət, tarix və ənənələr yanaşıdır, "Qəlbini Azərbaycana sevgi və barışla zəngin et" ismarıcları, eləcə də "Xarı bülbül" çiçəyinin təsviri və "Qarabağ Azərbaycandır!" şüarı əks olunub.

Mendəki Azərbaycan icmasının rəhbəri T.Əhmədov bildirib ki, layihənin amerikalılar üçün böyük əhəmiyyət kəsb edən Milad bayramı zamanı və Yeni il ərəfəsində reallaşdırılması təsadüfi deyil: "İlin son günlərində iş yerləri və təhsil ocaqları bağlıdır, insanlar küçələrdə daha çox vaxt keçirirlər. Elektron lövhələrdə Azərbaycanın gözəlliklərini, mədəniyyətini, tarixini, müxtəlif dinlərdən olan insanların bir yerdə sülh və əminamanlıq şəraitində yaşadığını hər kəsə göstərmək istəyirik".