Niderland mediası şahmatçı soydaşımızın fikirlərini işıqlandırıb

21.12.2020

Niderland Krallığının "AD" qəzeti son aylar ərzində yüksək baxış reytinqi qazanan "Kral qambiti" serialı ilə bağlı azərbaycanlı qrosmeyster Nərgiz Umudovanın fikirlərini öyrənib.

Niderlandda yaşayan, Azərbaycan diasporunun fəal üzvü Nərgiz Umudova-Burq bildirib ki, "Kral qambiti" serialı gözəl və cəlbedici çəkilsə də, sadə bir hekayədir. Bu, yalnız şahmata ilk başlayanalar üçün cəlbedici ola bilər. Soydaşımız fikrini şahmatın ciddi qayda-qanun və çoxlu hazırlıq tələb etməsi ilə əsaslandırıb. Bununla yanaşı, soydaşımız şahmatda gender məsələsinin əleyhinə olduğunu bildirib.

Qəzet yazıb ki, niderlandlı qrosmeyster Tvan Burqla ailə həyatı quran Nərgiz Umudova kiçik yaşlarından şahmatla məşğuldur, amma şahmat ulduzu kimi bu idman növündə heç bir zaman ayrı-seçkiliyə rast gəlməyıb.

"Azərbaycanda hər kəs məktəbdə şahmat oynamağı öyrənir. Mən hər zaman turnirlərdə oğlanlara qalib gələndə nifrət deyil, heyrət dolu "WoW" kəlməsini eşitmişəm", - deyə soydaşımız qəzetə müsahibəsində vurğulayıb.

N.Umudoa-Burqun öz ana vətənində olduğu kimi hazırda Niderlandda da Bosch HMC şahmat klubunda uşaqlara bu idman növünün sirlərini öyrətdiyi nəzərə çatdırılıb.

Qeyd edilib ki, Umudova və Burq cütlüyü şahmat sayəsində bir-birini tanıyıblar. Onlar Niderland, Belçika və Almaniya turnirlərinə birgə hazırlaşır və bir-birlərinə yardım edirlər.