Vyanada dahi bəstəkar Üzeyir Hacıbəyovun abidəsi ziyarət olunub

30.11.2020

Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Vyana şəhərindəki abidəsi ziyarət edilib.

Ziyarət zamanı peşəkar Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyovun Donauparkdakı abidəsinin önünə əklil qoyulub. Dərnəyin rəhbəri Yardım Günəş bildirib ki, indi Ü.Hacıbəyovun ruhu şaddır, çünki müzəffər Azərbaycan ordusu müqəddəs Şuşa şəhərini böyük qəhrəmanlıqla işğaldan azad edib. Dərnək rəhbəri bu tarixi qələbə sevincini xalqımıza yaşatdığı üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan ordusuna dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar tədbirdə 6 nəfər soydaşımızın iştirakına icazə verilib.

Xatırladaq ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Donauparkdakı abidəsi 2006-cı il mayın 30-da açılıb.