Bakıda Beynəlxalq humanitar hüquq konfransı keçirilib

27.11.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin təşkilatçılığı ilə silahlı münaqişələrdə mülki əhalinin qorunması üzrə I Beynəlxalq humanitar hüquq konfransı təşkil edilib.

Bakı şəhərində virtual təşkil edilən konfransda xarici və yerli QHT rəhbərləri, uşaq və qadın hüquqları üzrə mütəxəssislər, tədqiqatçılar, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi iştirak edib.

20 noyabr - Dünya Uşaq Gününə həsr olunmuş videokonfransda əsas məqsəd silahlı münaqişələr zamanı mülki əhalinin qorunması məsələlərinin nəzəri və təcrübi cəhətlərinin müzakirəsi, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ problemi kontekstində ölkəmizin haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması olub.

Tədbirdə İsveçin Raul Vollenberg İnstitutunun professoru, hüquq üzrə doktor Layal Sunqa, türkiyəli ekspert, hüquq üzrə doktor Gülnur Ərdoğan və başqaları çıxış ediblər.

Natiqlər mülki şəxslərin qorunması ilə bağlı beynəlxalq humanitar hüquqdan danışıblar, humanitar və insan hüquqları baxımından mülki şəxslərin qorunmasının müqayisəli təhlilini aparıblar.

Qeyd edilib ki, Azərbaycan hüquqşünasları gələcəkdə Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı açılacaq təzminatla bağlı çəkişmələrdə "dövlətin məsuliyyəti" konsepsiyasını arqument kimi istifadə edə bilərlər. Buna nümunə olaraq "Çıraqov və başqalarının Ermənistana qarşı" olan məhkəmə işi göstərilib. Bu işdə qeyd edilir ki, baş verənlərə görə Ermənistan birbaşa məsuliyyət daşıyır.

Konfransda müharibədən əziyyət çəkən əhaliyə dəstək məqsədilə həyata keçiriləcək tədbir və proqramlarla bağlı fikir mübadiləsi də aparılıb.