Xaricdəki ziyalılar: “Ali Baş Komandana təşəkkür edir, Ordumuza qələbə arzulayırıq”

29.09.2020

Dünyaya səpələnmiş 50 milyonluq Azərbaycan xalqının ürəyi bu günlərdə Vətənlə döyünür. Xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları, nüfuzlu alimlərimiz bəyanatlar yayaraq bu çətin günlərdə Azərbaycana öz dəstəyini ifadə edib, dünya ictimaiyyətini Azərbaycanın ədalətli mövqeyini müdafiə etməyə çağırıb. Eyni zamanda, yüzlərlə, minlərlə gənc soydaşımız, həkimlərimiz Azərbaycan Prezidentinə mürüaciət edərək tarixi Vətənin bötüvlüyü uğrunda vuruşmağa və xidmət etməyə hazır olduğunu vurğulayıb.

“Ordumuza qələbə arzulayıram!”

Ürəyi vətənlə döyünən soydaşlarımızdan biri, Ukraynada tarix elmlər doktoru, professor Fərhad Turanlı müraciətlə çıxış edərək, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və hərbiçilərini artilleriya atəşinə tutmasını qətiyyətlə pisləyir, Azərbaycan ordusunu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın tamamilə azad edilməsinə və tam qələbəyə qədər əks hücumlarını davam etdirməyə çağırır: Beynəlxalq hüquq və normalara, Azərbaycan Konstitusiyasına, əsaslanaraq ordumuz ölkəmizin ərazi bütövlüyünün bərpası üçün hücumlarını davam etdirərək tam qələbə çalmalıdır! Erməni silahlı qüvvələrinin 27 sentyabr tarixində başladığı növbəti təxribatına qarşı çevik əks hücumlara başlanılması münasibətilə Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevə təşəkkür edir, Ordumuza qələbə arzulayıram!”

“Azərbaycan ordusunun tam qələbə və həqiqət anı gəldi”.

Azərbaycanın dövlət sərhəddində və işğal edilmiş ərazilərində baş verən erməni təxribatına münasibətini bildirən israilli politoloq Arye Qut deyib ki, erməni silahlı birləşmələrinin davamlı təxribatları qarşısında rəsmi Bakının Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, Ermənistan Respublikasının işğalı altında olan Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu azad etməkdən başqa yolu qalmır: “Bu həlledici mərhələdə xeyli irəliləyiş əldə edilib və proses davam edir. Müşahidələr göstərir ki, Azərbaycan bu mərhələyə status-kvonu dəyişdirmək və potensial hərbi üstünlüyünü daha da gücləndirmək üçün daxil olub. Aprel zəfərləri, Naxçıvan zəfərləri, Tovuzdakı qələbə Azərbaycan ordusunun və xalqının vətənpərvərlik ruhunu bir daha gücləndirdi, Azərbaycan xalqını tamamilə rahat ola biləcəyinə inandırdı: Azərbaycan ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir və hazırdır. Düşünürəm və hətta əminəm ki, Azərbaycan ordusunun qələbə və həqiqət anı gəldi.

Bu ədalətli müharibə Azərbaycanın beynəlxalq aləmdəki siyasi və hərbi gücünün bir əksi olacaq. Qələbə, şübhəsiz ki, Azərbaycan xalqınındır, çünki Ermənistandakı faşist və işğal rejiminin qələbə qazanmaq haqqı yoxdur”.
Bu ərazilərdə dəfələrlə olmuşam, Azərbaycan əsgərinin və zabitinin əsl gücünü, vətənpərvərliyini görmüşəm. Bu xüsusi gündə səmimi qəlbdən Azərbaycan silahlı qüvvələrinə həqiqi və tam qələbəsini arzulayıram”.

“Misirdəki azərbaycanlı gənclər Vətən uğrunda vuruşmağa hazırdır”

Misirdə yaşayan azərbaycanlılar hər zaman Vətənimizi layiqincə təmsil etməyə, ölkəmizi tanıtmağa, Qarabağ həqiqətlərini yaymağa çalışır. Bu barədə danışan Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqaçı-alim Seymur Nəsirov bildirib ki, uzun illərdir biz də işğal altında olan Vətənimizin azadlığını həyəcanla gözləyirik: “Misirdə yaşayan azərbaycanlılar hər zaman dövlətimizin, vətənimizin və Ali Baş Komandanımızın yanındadır. Son hadisələr göstərir ki, bütün dünya azərbaycanlıları, diasporumuz bir yumruq kimi dövlətimizin yanındadır və var gücü ilə Vətənə dəstək olur, Vətənin işğaldan azad olunması üçün əlimizdən gələni edirik və edəcəyik. Əminəm ki, torpaqlarımızın düşmən tapdağından tam azad ediləcəyi gün uzaqda deyil. Misirdə yaşayan azərbaycanlılar Vətənə dəstək üçün ayaqdadır, gənclərimiz yerli cəmiyyəti məlumatlandırmaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Misirdə, Avropa ölkələrindən fərqli olaraq, xaricilərin aksiya keçirməsi qadağan olunduğu üçün fəaliyyətimizi əsasən sosial media üzərində qurmağa çalışmışıq. Eyni zamanda, gənclərimiz Vətən torpaqlarının azalığı uğrunda vuruşmağa hazır olduqlarını bəyan edir, bu gun onların bir qismi artıq Azərbaycandadır və heç şübhə etmirəm ki, Ali Baş Komandanın çağırışına uyğun olaraq tərəddüdsüz cəbhəyə gedib erməni təxribatlarının qarşısının alınması, işğal edilmiş torpaqların azad olunması üçün əlindən gələni edəcək. Qarabağ Azərbaycandır! Bunu bütün dünya bilməli və qəbul etməlidir”.

“Türkiyə və Azərbaycan diasporlarının xaricdəki fəaliyyəti də çox vacib rol oynayır”

“Bu səhər Ermənistanın Azərbaycana qarşı başlatdığı yeni təxribat xarakterli hücumu şiddətlə qınayıram. Lakin Ermənistan bu dəfə atəşlə oynadığını gec başa düşdü. O atəş bu dəfə Ermənistanı yandıracaq. Azərbaycanın Ermənistan silahlı qüvvələrinin bu hücumlarına qarşılıq verərək uzun illər işğal altındakı kəndləri və təpələri azad etməsi münasibətilə də Azərbaycan Ordusunu və xalqını təbrik edirəm.

Ermənistan son zamanlar Suriya və Livan ermənilərini işğal altındakı Azərbaycan torpaqlarına yerləşdirmə siyasəti aparır. Yerləşdirilən bu insanlar arasında PKK terror təşkilatının üzvləri də var. Bununla Ermənistanın PKK-nı Azərbaycan ordusuna qarşı da yürütmək niyyətində olduğu görünür. Çünki Ermənistanın Azərbaycanla təkbətək savaşda heç bir şansı olmadığı hər kəsə bəllidir. Tam əminliklə deyə bilərəm ki, Azərbaycan bu müharibədə qalib tərəf olacaq. Belə ki, istər əhali sayı, istərsə də ordu gücü baxımından Ermənistanla Azərbaycan arasında müqayisə olunmayacaq dərəcədə fərq var.

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün əvvəlki çıxışında Azərbaycanın kəşfiyyat orqanları tərəfindən Ermənistanın hücuma hazırlanması barədə xəbərdarlıq edildiyi və buna qarşı tədbirlərin alındığı barədə bildirmişdi. Hazırda biz Azərbaycan ordusunun döyüşə tam hazır olduğunu görürük. Burada birlik də çox vacibdir ki, biz də bunu Azərbaycan xalqının hər bir üzvündə görürük. Müharibə sadəcə cəbhədə deyil, arxa cəbhədə də birlik olduğu təqdirdə qazanılır. Burada Türkiyə və Azərbaycan diasporlarının xaricdəki fəaliyyəti də çox vacib rol oynayır. Hazırda Türkiyə xalqı, dövləti Azərbaycanın yanındadır, türk siyasətçilər olaraq biz də hər zaman Azərbaycanın yanındayıq”.