28 may Respublika günü ərəfəsində dünya azərbaycanlıları üçün yeni radio proqramlarına start verilir

20.05.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin multimedia mərkəzində dünya azərbaycanlılarının dil və düşüncə birliyinin qorunması, şəbəkələşməsi, ölkəmizlə və bir-biri ilə əlaqələrinin möhkəmləndirilməsi üçün sistemli və ardıcıl informasiya siyasəti mexanizmi qurulub.

Son iki ildə fəaliyyətə başlayan Diaspor TV və Diaspor FM-də xaricdə yaşayan yüzlərlə soydaşımızla müsahibələr yayımlanıb, ABŞ, İsveç, Norveç, Almaniya, Gürcüstan, Rusiya, Avstriya, Ukrayna, Fransa, Macarıstan və bir sıra başqa ölkələrdə “Vətən uzaqda deyil” diaspor proqramının çəkilişləri aparılıb, ölkəmizin diaspor siyasəti geniş təbliğ olunub.

Həyata keçirilən layihələr xaricdə yaşayan soydaşlarımızın məlumatlandırılmasına və yaşadlıqları cəmiyyətlərə inteqrasiyasına kömək etməklə yanaşı, həm də bir azərbaycanlı kimi assimlyasiya olmamasına yönəlib.
Məhz bu məqsədlə Komitənin nəzdində fəaliyyət göstərən Diaspor FM-də “Cümhuriyyət varisləri”, “Azərbaycan diasporunun tarixi”, “Qarabağ:gerçək tarix”, “Xaricdəki Azərbaycan evləri”, “Diaspor təşkilatları”, “Dünyadakı Azərbaycan məktəbləri” kimi həftəlik verilişlərə start verilir.

Yeni verilişlər Azərbaycan diasporunun, xüsusilə yeni nəslin milli dəyərlərimizə sahib çıxması, Azərbaycanın tarixi, mədəniyyəti, şəxsiyyətləri, Qarabağ problemi və sair barədə ətraflı məlumat alması üçün etibarlı və zəngin mənbəyə çevrilə bilər.

Diaspor FM layihələrə 28 may Respublika günü ərəfəsində start verəcək.