İrəvan xanının varislərindən biri "E-Akademiya"nın qonağı olub

19.05.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə həyata keçirilən E-akademiya layihəsi çərçivəsində baş tutan növbəti videokonfransın qonağı İrəvan xanının varislərindən biri olan Əmir Əli Sərdari İrəvani olub.

"İrəvan xanlığı: milli-mədəni və tarixi irsimiz" mövzusuna həsr olunmuş virtual tədbir Prezident İlham Əliyevin “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır. Ermənistan vaxtilə bizim o torpaqlarda qanunsuz olaraq dövlət qurub, indi də bizim torpağımızda ikinci dövlət qurmaq istəyir. Azərbaycan xalqı heç vaxt buna imkan verməyəcək. Azərbaycan bu gün dünya miqyasında böyük hörmətə malik olan ölkələrdən biridir və Azərbaycan vətəndaşları öz torpaqlarını qorumağa qadirdirlər” fikrinin səsləndirilməsi ilə başlayıb.

Sonra məruzəçi Əmir Əli Sərdari İrəvani tarixi vətəni olan İrəvan xanlığına həsr olunan təqdimatla çıxış edib. İrəvan xanlığının xalqımızın min illər boyu yaratdığı maddi-mənəvi və mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edən məruzəçi İrəvan şəhərinin Azərbaycan türkləri tərəfindən qurulub-yaradıldığına diqqəti cəlb edib.

Təqdimat zamanı Hüseynəli xan nəslinin şəcərəsi, onların məskunlaşdıqları məkanlar haqqında geniş məlumat verilib, nəsillər arasında əlaqələrin vacibliyi vurğulanıb: “XVIII əsrin ortalarında meydana gəlmiş İrəvan xanlığının Azərbaycan dövlətçilik tarixində özünəməxsus yeri var. İrəvan şəhəri Azərbaycanın qədim elm, təhsil və mədəniyyət mərkəzlərindən biri olub”.

Məruzəçi ötən il Bakıdakı Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” adlı sərginin təşkil edildiyini xatırladıb və bu möhtəşəm tədbirə görə Azərbaycan dövlətinə bir daha öz təşəkkürünü bildirib. Tariximizin unudulmaması baxımından sərginin əhəmiyyətini qeyd edib”.

Tədbir iştirakçıların suallarının cavablandırılması başa çatıb.

Videomüzakirə https://www.facebook.com/Azerbaijan DiasporaYouth/ Facebook ünvanından canlı yayımlanıb.

Qeyd edək ki, 46 yaşlı Əmir Əli Sərdari İrəvani hazırda Almaniyada yaşayır və yüksək texnologiyalar üzrə aparıcı mühəndisdir.

Xatırladaq ki, E-akademiya layihəsinə 2020-ci ilin aprel ayından etibarən start verilib. Əsas məqsəd koronavirus pandemiyası dövründə Azərbaycan diasporu və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə virtual müzakirələrin təşkilidir.