Leninoqorsk şəhərində müharibə veteranlarına gül dəstələri və ərzaq bağlamaları hədiyyə edilib

11.05.2020

Rusiyanın Tatarıstan Respublikasının Leninoqorsk şəhərində fəaliyyət göstərən Azərbaycan diasporu II Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin 75-ci ildönümü münasibətilə maraqlı aksiya keçirib.

"Birlik" Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Ramiz Məmmədov bildirib ki, öncə şəhərdə yaşayan 35 müharibə veteranının siyahısı müəyyənləşdirilib. Sonra isə təşkilatın gənclər qanadının nümayəndələri kiçik yaşlı uşaqlarla birlikdə veteranları evlərində ziyarət ediblər.

Bayram münasibətilə veteranları təbrik edən uşaqlar və gənclər onlara gül dəstələri və ərzaq bağlamaları hədiyyə ediblər. Görüşlər zamanı qələbəyə görə veteranlara təşəkkürlərini bildirən hərbi geyimli uşaqlar müharibə qəhrəmanlarının şərəfinə hazırladıqları şeirləri də səsləndiriblər.

Tədbirlər koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin qaydalarına uyğun şəkildə həyata keçirilib.

Bundan başqa, şəhərın mərkəzi küçələrində üzərində qələbə bayramı münasibətilə Azərbaycan diasporunun yerli sakinlərə, arxa cəbhə zəhmətkeşlərinə və veteranlara ünvanladığı təbrikin əks olunduğu bilbordlar yerləşdirilib. "Bakı nefti – hər şey qələbə üçün 1941-1945" şüarı ilə II Dünya müharibəsinin qələbə ilə başa çatması naminə Azərbaycan Respublikasının həyata keçirdiyi işlərə diqqət cəlb olunub. Yerli KİV-lərdə isə Azərbaycanın və ölkəmizin oğul-qızlarının qələbəyə töhfəsi haqda məqalələr dərc olunub.