Pakistanda ümumilli lider Heydər Əliyevin doğum gününə həsr edilmiş beynəlxalq videokonfrans keçirilib

10.05.2020

Azərbaycan Respublikasının Pakistandakı səfirliyi və bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGGS) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Böhranın idarə edilməsi zamanı liderlik bacarığının əhəmiyyəti” mövzusunda beynəlxalq videokonfrans keçirilib.

Videokonfransda Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə, Pakistan Baş Nazirinin İnspeksiya Komissiyasının sədri, dövlət naziri Ahmed Yar Hiraj, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Pəncab Universitetinin vitse-rektoru Niaz Ahmad Akhtar və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxış edib.

Tədbir Heydər Əliyev Fondu tərəfindən hazırlanan və Ulu Öndərə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə çıxış edərək Heydər Əliyevin hələ SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi zamanda ölkə iqtisadiyyatına, milli və mənəvi dəyərlərə, adət-ənənələrə verdiyi önəmdən söz açıb. Səfir Ulu Öndərin dəfələrlə Azərbaycanı böhran vəziyyətindən çıxardığını bildirib, 20 Yanvar hadisələrinin pislənməsinə, Azərbaycanın vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı zaman ölkədə siyasi və iqtisadi sabitliyin bərqərar edilməsinə, cəbhədə atəşkəsin əldə olunmasına məhz ümummilli lider Heydər Əliyevin müdrikliyi və liderlik bacarıqları nəticəsində nail olunduğunu diqqətə çatdırıb. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs ilə addımlayan Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf etdiyini bildirən Əli Əlizadə ölkəmizin əldə etdiyi uğurları, dövlətimizin başçısının və Pakistan Baş Nazirinin qlobal pandemiya ilə mübarizədə həyata keçirdiyi səmərəli tədbirləri, qlobal həmrəyliyin möhkəmlənməsinə verdiyi töhfələri vurğulayıb. Əli Əlizadə Azərbaycan-Pakistan strateji münasibətlərinin qurucusunun da məhz Heydər Əliyev olduğunu vurğulayaraq, bu əlaqələrin möhkəmləndirilməsində onun xüsusi xidmətlərini qeyd edib, Azərbaycanın və Pakistanın hazırda da bir-birini daim dəstəklədiyini və strateji əməkdaşlığı davam etdirdiyini bildirib.

Pakistanın dövlət naziri Ahmed Yar Hiraj müasir Azərbaycanın indiki vəziyyətə gəlib çatmasında Heydər Əliyevin böyük rolu olduğunu deyib, onun hakimiyyətdə olduğu müddətdə xalqı üçün gördüyü işləri qeyd edib. Ahmed Yar Hiraj, həmçinin iki ölkə liderlərinin yaranmış çətin vəziyyətlərdə idarəetmə bacarıqlarından söhbət açıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Heydər Əliyevin çətin və mürəkkəb siyasi mühitdə xalqının və dövlətinin problemlərinə həssaslıqla yanaşdığını bildirib. Komitə sədri bu gün Azərbaycanın daxili və xarici siyasətində qazanılan uğurlarda Ulu Öndər Heydər Əliyevin ideyalarının böyük rol oynadığını diqqətə çatdırıb. Hər bir dövlət başçısının liderlik keyfiyyətlərinin böhran vaxtı daha aydın üzə çıxdığını və böhranın bir sınaq olduğunu bildirən Fuad Muradov Prezident İlham Əliyevin pandemiya ilə mübarizədə ilk günlərdən, Ali Baş Komandan kimi, təxirəsalınmaz tədbirlər həyata keçirdiyini, liderlik keyfiyyətlərini bir daha təsdiq etdiyini bildirib. Heydər Əliyevin iki ölkə arasındakı münasibətlərdə mühüm rolundan söz açan Fuad Muradov Ulu Öndərin 1996-cı ildə Pakistana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlıqda yeni bir dövrün əsasını qoyduğunu və bu əməkdaşlığın daha da inkişafına töhfə verdiyini qeyd edib.

Pəncab Universitetinin vitse-rektoru Niaz Ahmad Akhtar Heydər Əliyevin müasir Azərbaycanın qurucusu olduğunu vurğulayıb və onun gördüyü əvəzolunmaz işləri diqqətə çatdırıb. O, 1990-cı illərdə Azərbaycanın keçdiyi çətin zamanlardan söhbət açaraq məhz Heydər Əliyevin sayəsində ölkədə sabitlik və inkişafın əldə olunduğunu bildirib. Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu bildirən vitse-rektor Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini və Pakistanın Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini deyib. Niaz Ahmad Akhtar əsl liderlərin, yaşamasalar belə, insanlar tərəfindən daim nümunə götürülərək irslərinin davam etdirildiyini və bu liderlərdən birinin də məhz Heydər Əliyev olduğunu vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev 1990-cı illərdə Azərbaycanda yaranan böhrandan söz açıb və bu dövrdə xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin əvəzolunmaz rolundan bəhs edib. Fərid Şəfiyev Heydər Əliyevin hakimiyyəti dövründə “Əsrin müqaviləsi”nin imzalanması və bazar iqtisadiyyatına keçid zamanı Azərbaycanın əldə etdiyi uğurları diqqətə çatdırıb. Qlobal pandemiya ilə mübarizədə Azərbaycan Prezidenti və hökumətinin həyata keçirdiyi tədbirlərin həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini qeyd edən Fərid Şəfiyev Azərbaycanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətini vurğulayıb.

Konfrans müzakirələrlə davam edib və suallar cavablandırılıb.