Nyu-Yorkdakı həmvətənlərimizə yardım göstərilib

05.05.2020

COVID-19 qlobal pandemiyası ilə mübarizə çərçivəsində aparılan xeyriyyə aksiyalarına ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Nyu-York Assosiasiyası da qoşulub.

Assosiasiyanın rəhbəri Ercan Yerdələnli bildirib ki, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi, Türk Amerikan Assosiasiyası, Paterson Birləşmiş İslam Mərkəzi və Azərbaycan-Nyu-York Assosiasiyasının birgə dəstəyi ilə Nyu-York ştatında yaşayan azərbaycanlı və türkiyəli ailələrə, eləcə də burada təhsil alan tələbələrə yardım göstərilib.

Diaspor rəhbərinin sözlərinə görə, sosial təcrid şəraitində maddi sıxıntı çəkən ailələrin və tələbələrin siyahısı müəyyənləşdirilib. Onlar üçün zəruri ərzaq məhsullarından ibarət 200 paket hazırlanıb və siyahı üzrə birbaşa ünvanlarına çatdırılıb.