Türkiyənin Xarici işlər nazirinin müavini AGAH TV-nin proqramına qatılıb

01.05.2020

Türkiyə Cümhuriyyətinin xarici işlər nazirinin müavini Yavuz Selim Kran Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi (AGAH) ictimai birliyinin internet televiziyası olan AGAH TV-nin “Salam, Azərbaycan” proqramının qonağı olub.

11 il öncə – 2009-cu il 30 aprel tarixində Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) baş vermiş terror aktı qurbanlarının xatirəsinin anımı ilə başlayan proqramda COVID-19 pandemiyasına qarşı mübarizədə Türkiyə-Azərbaycan əməkdaşlığı, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında cərəyan edən son hadisələr və iki ölkə arasında əlaqələrin inkişafında gənclər təşkilatlarının rolu müzakirə olunub.

Nazir müavini Yavuz Selim Kran bir daha diqqətə çatdırıb ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla bütün siyasi-iqtisadi və humanitar məsələlərdə qardaş Azərbaycanın yanındadır: “Türkiyədə yaşayan və təhsil alan azərbaycanlı tələbə-gənclər bilsinlər ki, Azərbaycandan “Dostluq” ordeni alan bir xarici işlər nazirinin var olduğu ölkədə yaşayırlar. Odur ki, bütün şərait və şərtlərdə onların yanında olacağımızdan əmin olsunlar”.

AGAH sədri Təbriz Raufoğlunun aparıcısı olduğu proqramda iki qardaş ölkənin birlik və bərabərliyinin əbədi olacağı vurğulanıb.

“Salam, Azərbaycan” proqramı Facebook və Twitter sosial şəbəkələri vasitəsilə birbaşa yayımlanıb.