Çeçenistanda azərbaycanlı ailələrə yardım edilib

27.04.2020

Rusiyanın Çeçenistan Respublikasında COVİD-19 pandemiyasına qarşı mübarizə ilə əlaqədar yaranmış şəraitdə işini itirən və vaxtında Azərbaycana qayıda bilməyən 23 azərbaycanlı ailəsinə ərzaq yardımı göstərilib.

Humanitar aksiyanı Rusiya qəhrəmanı Əhməd Kadırov adına regional ictimai fondu və "Daymoxk" xeyriyyə fondu təşkil edib. Ümumrusiya Əlillər Cəmiyyətinin Çeçenistan regional şöbəsinin sədri Rabu Azdayeva, Çeçenistanın İctimai Palatasının sədri İsmail Denilxanov, Çeçenistan Respublikasının Milli muzeyinin böyük elmi işçisi Yekaterina Muradova, digər müvafiq orqanların üzvləri İbrahim Bazayev, Musa Dunayev, Həsən Qabazov, eləcə də könüllülər öncədən müəyyənləşdirilmiş ünvanları ziyarət ediblər. Zəruri ərzaq məhsullarından ibarət paketlər 87 nəfərdən ibarət azərbaycanlı ailələrinə təqdim olunub.

Həmvətənlərimiz bu diqqət və qayğıya görə çeçen xalqına və respublikanın başçısı Ramzan Kadırova minnətdarlıqlarını bildiriblər.

"Daymoxk" xeyriyyə fondunun sədri Həmzət Zakriyev bildirib ki, milliyyətindən və inancından asılı olmayaraq, hər müsəlman ağır məqamda dara düşənlərə kömək əlini uzatmalıdır.

Qeyd edilib ki, Azərbaycan və Çeçenistan xalqları arasında tarixin sınaqlarından çıxmış əzəli qardaşlıq və dostluq münasibətləri mövcuddur. Hazırda isə bütün dünyanı birləşdirən ümumi bəla – koronavirus pandemiyası zamanı da xalqlarımız yenidən həmrəylik nümayiş etdirirlər.