“Könüllülər 2020” Azərbaycan Diaspor Gənclərinin III Yay Düşərgəsinə qeydiyyatla bağlı Təşkilat Komitəsinin məlumatı

23.04.2020

Hörmətli diaspor gəncləri,

Məlum olduğu kimi, 2020-ci ilin fevral ayında Diasporla İş üzrə Dövlət Komitəsinin irimiqyaslı layihələrindən olan Diaspor Gənclərinin III Yay Düşərgəsinin keçirilməsi barədə məlumat verilib və düşərgədə iştirak etmək istəyən gənclərin qeydiyyatına başlanılıb. Həmin vaxtdan bu günədək dünyanın 21 ölkəsindən 100-dən çox gənc Düşərgədə iştirak üçün qeydiyyatdan keçib.

Bildiyimiz kimi, dünyanı bürümüş COVİD-19 pandemiyası səbəbindən bir çox ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilmə qrafiklərində dəyişikliklər edilib. Qeyd olunanları və gənclərimizin düşərgəyə marağını nəzərə alaraq, düşərgədə iştirak üçün müraciət müddətinin qeyri-müəyyən vaxtadək uzadıldığını diqqətinizə çatdırır, hər birinizi qeydiyyatdan keçməyə dəvət edirik.

Eyni zamanda, bildiririk ki, III Yay düşərgəsinin 2020-ci il 12-19 iyul tarixlərində keçirilməsi planlaşdırılsa da, dünyada və ölkəmizdəki mövcud vəziyyət düşərgə tarixinin dəyişdirilməsini zəruri edir. Düşərgənin keçirilmə tarixi barədə məlumat yaxın zamanlarda təqdim ediləcək. Nəzərə almağınızı xahiş edir və anlayışınız üçün təşəkkür edirik.

Təşkilat Komitəsinin üzvləri koronavirus pandemiyası səbəbindən yaranmış çətin və mürəkkəb vəziyyətə baxmayaraq, düşərgəyə böyük maraq göstərərək qeydiyyatdan keçmiş bütün gənclərimizə təşəkkürünü bildirir, eyni zamanda, dünyanın müxtəlif ölkələrində pandemiyadan birbaşa və ya dolayı olaraq əziyyət çəkən gənclərimizə şəfa, əzm və səbr diləyir.

Hörmətlə,
Azərbaycan Diaspor Gənclərinin III
Yay Düşərgəsinin Təşkilat Komitəsi