Diaspor nümayəndələrinin “Biz birlikdə güclüyük” adlı onlayn konsert proqramları davam edir

23.04.2020

Azərbaycan Diasporuna Dəstək Fondunun COVİD-19 pandemiyası səbəbiylə karantin rejiminin tətbiq olunduğu günlərdə xaricdə yaşayan azərbaycanlıların asudə vaxtlarının səmərəli təşkilinə kömək etmək, soydaşlarımıza yüksək əhval-ruhiyyə bəxş etmək məqsədilə təşkil etdiyi silsilə konsert proqramları davam edir. Konsertlər dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı musiqiçilərin iştirakı ilə Fondun facebook sosial şəbəkə hesabı üzərindən canlı yayımlanır. Aprel ayından etibarən başlayan “Biz birlikdə güclüyük” konsert proqramı layihəsində bu günədək Avstriyadan Abuzər və Karen Manafzadələr, Fransadan Ağarəhim Quliyev və Səidə Zülfüqarova, ABŞ-dan Nərgiz Əliyarova, Oman Sultanlığından Vüsalə Əmirbəyova konsert proqramları ilə çıxış ediblər.

Növbəti konsert proqramı 23 aprel tarixində Vyanadan Jalə Rəsulova və Fərid Feyzullayevin birgə ifasi ilə yayımlanacaq.

Azərbaycan Respublikasının əməkdar artisti İslam Manafov və qızı bəstəkar, pianoçu, dirijor Turan Manafzadə Türkiyədən 26 aprel tarixində konsert proqramı ilə çıxış edəcəklər. Növbəti proqram 29 aprel tarixində Niderland Krallığından azərbaycanlı musiqiçi Firəngiz Bağırovanın iştirakı ilə təqdim olunacaq.

Bütün konsert proqramları Bakı vaxtilə saat 22:00-da başlayacaq və https://www.facebook.com/AzDiasporaFund/ səhifəsi üzərindən canlı yayımlanacaq.