Azərbaycan diasporu Voronejdə aztəminatlı ailələrə yardım edib

20.04.2020

Rusiyanın Voronej vilayətinin Kaşır rayonundakı Ryabçevo, Kolodeznoye və Dankov kəndlərində yaşayan 60-dan çox aztəminatlı ailəyə ərzaq yardımı göstərilib.

COVİD-19 pandemiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən xeyriyyə aksiyasını Voronej vilayətində fəaliyyət göstərən azərbaycanlı icması təşkil edib. “Birlik” Voronej vilayəti regional milli-mədəni muxtariyyətinin sədri Mehdi Mehdiyev bildirib ki, həftə ərzində aztəminatlı ailələrə və təqaüdçülərə zəruri məhsullardan ibarət ərzaq paketləri çatdırılıb. Kənd sakinləri diaspor üzvlərimizin bu nəcib addımını minnətdarlıqla qarşılayıblar.

Diaspor rəhbərinin sözlərinə görə xeyriyyə aksiyası davam edəcək. Aksiya çərçivəsində vilayətdəki internat məktəblərinə və qocalar evlərinə də ərzaq yardımı edilməsi nəzərdə tutulur.