Xaricdəki soydaşlarımızın dəstəyi ilə aztəminatlı ailələrə yardım edilib

17.04.2020

Xaricdə yaşayan soydaşlarımızın dəstəyi ilə aztəminatlı ailələrə yardım edilib. Yardım kampaniyası çərçivəsində Bakı şəhəri və Abşeron rayonu üzrə müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha, imkansız şəxslərə zəruri ərzaq məhsullarından ibarət yardım sovqatları paylanıb.

170 ailəyə yardım edildiyi aksiya zamanı Diasporpress informasiya mərkəzinin əməkdaşları tərəfindən sakinlərə COVID-19 pandemiyasından mühafizə üsulları və evdə qalmaları barədə müvafiq maarifləndirici informasiyalar verilib.

Yardım alanlar karantin günlərində onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Yardım kampaniyasına Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzinin fəalları, Belçikada və Niderlandda yaşayan soydaşlarımız, Kiyev Azərbaycanlıları Konqresi, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı, Ana Vətən Niderland Qadınlar cəmiyyəti, Solikamsk Azərbaycanlıları icması və Azərbaycan-Amerika Qadınlar Cəmiyyəti dəstək verib.

Qeyd edək ki, COVİD-19 pandemiyası ilə bağlı sosial təcrid müddətində yardım kampaniyasının davam etdirilməsi nəzərdə tutulur.