Bolnisidə 150 aztəminatlı ailəyə yardım edilib

15.04.2020

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) COVİD-19 pandemi¬yası ilə əlaqədar tətbiq edilən karantin rejimində yardım kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində GAİM tərəfindən Bolnisi rayonunda yaşayan 150 aztəminatlı ailəyə ərzaq yardımı göstərilib. Ərzaq paketləri imkansız ailələrin ünvanlarına çatdırılması məqsədilə Bolnisi meriyasına təhvil verilib. 150 yardım paketinin hər birinə un, düyü, makaron, vermişel, qarabaşaq, şəkər tozu, qənd, günəbaxan yağı, duz, çay və s. zəruri ərzaq məhsulları daxil edilib.

Qeyd edək ki, aprelin 10-da GAİM analoji üsulla Marneulidə yaşayan 250 aztəminatlı ailəyə ərzaq yardımının çatdırılmasına nail olub.

Xatırladaq ki, martın 23-dən Gürcüstanda ilk dəfə Marneuli və Bolnisi rayonlarında ciddi karantin rejimi tətbiq olunub. Bu isə aztəminatlı və imkansız ailələrin sosial durumunu daha da çətinləşdirib. Yaranmış vəziyyəti nəzərə alan GAİM aztəminatlı ailələrə yardım kampaniyasına başlayıb.