“Florida Keys” müsabiqəsinin təşkilatçıları mükafatlandırılıb

14.04.2020

ABŞ-ın Florida ştatındakı Aventura şəhərinin meri Enid Vaysman (Enid Weisman) Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin əziz xatirəsinə həsr olunmuş “Florida Keys” beynəlxalq musiqi müsabiqəsinin təşkilatçılarını fəxri sertifikatlarla təltif edib.

Şəhər meri Aventura İncəsənət və Mədəniyyət Mərkəzinə bəxş etdikləri töhfələrə görə Pərvin Muradovaya, Key Lenqə, Vivian Liiyə və Töhfə Eminovaya xüsusi minnətdarlığını bildirib.

Qeyd edək ki, artıq bir neçə ildir ki, ABŞ-ın Florida ştatının Aventura şəhərində “Florida Keys” beynəlxalq musiqi müsabiqəsi keçirilir. Bu il müsabiqənin seçim mərhələsi baş tutsa da, COVİD-19 qlobal pandemiyası ilə əlaqədar aprelin 13-nə təyin olunmuş Qala konsert və təntənəli mükafatlandırma mərasimi ləğv edilib.

Sözügedən layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və tərəfdaşlığı, eləcə də bəstəkarın qızı, Florida ştatında Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası (AAMA) yanında “Təhsil və mədəniyyət komitəsi”nin sədri Pərvin Muradovanın təşkilatçılığı, AAMA-nın prezidenti Töhfə Eminova, pianoçu Key Lenq və Çin pianoçusu, Nyu-York musiqi festivalının münsiflər heyətinin üzvü Vivian Liinin köməyilə həyata keçirilirdi.

Müsabiqənin məqsədi dünyanın hər yerindən istedadlı pianoçuların üzə çıxarılması və Azərbaycanın zəngin musiqi mədəniyyətinə diqqətin cəlb edilməsidir.