Azərbaycanlı həkimdən maraqlı dəstək aksiyası

13.04.2020

Hazırda COVID-19 pandemiyası ilə bağlı mübarizə çərçivəsində soydaşlarımız müxtəlif aksiyalar həyata keçirir. Karantin müddətində evdə qalan insanların asudə vaxtlarını maraqlı keçirməsi məqsədilə dünyanın müxtəlif ölkələrindən silsilə konsert proqramlarının təşkili və bunun sosial şəbəkələr üzərindən canlı yayımlanması, müxtəlif diaspor təşkilatlarının aztəminatlı və çoxuşaqlı ailələrə ərzaq yardımı etməsi və s. tədbirlər belə aksiyalardandır.

Karantin rejiminin tətbiq olunması ilə əlaqədar asudə vaxtın səmərəli və maraqlı keçirilməsi məqsədilə növbəti aksiya isə Birləşmiş Ərəb Əmirliklərinin Tibb və Sağlamlıq Elmləri Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, tibb elmləri namizədi Sabrin Əli Məhəmməd Əzim (Sabrin Ali Mohammed Azim) tərəfindən Ras Əl-Xeym şəhərində başlanılıb. Belə ki, soydaşımız “evdə qal” aksiyasına qoşularaq mövcud vəziyyətdən narahat olan və stress yaşayan, ailələrindən uzaqda olan və öz ölkələrinə qayıda bilməyən insanlar üçün hər həftənin cümə günü şəxsi instagram səhifəsində canlı yayım edərək “Doktor Sabrin Əli ilə sadə söhbət” (“Simple talks with Dr Sabrin Ali”) proqramına start verib.

Ötən proqramlarda mütəxəssislərlə karantin müddətində asudə vaxtın dəyərləndirilməsi, Avstraliyanın Stomatoloji Şurası haqqında məlumat, Türkiyə və İordaniya Haşimilər Krallığında təhsil və lisenziya prosesləri ilə bağlı mövzular ətrafında geniş müzakirələr aparılıb. Proqramın növbəti canlı yayımı aprelin 17-də baş tutacaq və Birləşmiş Ərəb Əmirliklərində həkimlər üçün ümumi təcrübə (GP lisence) lisenziyasına müraciət qaydaları ilə bağlı məsələlərə aydınlıq gətiriləcək.

Qeyd edək ki, müxtəlif ölkələrdən olan marağı və qoşulmaq istəyənlərin say çoxluğunu nəzərə alaraq, artıq 1 aylıq proqram müəyyənləşdirilib. Növbəti proqramlarda Fransa, Almaniya, Pakistan, Hindistan, Rusiya və digər ölkələrdən olan həkimlərlə müzakirələrin təşkili də nəzərdə tutulur.