İzmirin Qarabağlar qəsəbəsində Xocalı abidəsi ziyarət olunub

03.03.2020

Türkiyənin İzmir şəhərinin Qarabağlar qəsəbəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Qarabağlar bələdiyyəsi, Azərbaycan Türkləri və Dostluq Dərnəkləri Federasiyası tərəfindən təşkil edilən mərasim Xocalı abidəsinin önündə gerçəkləşdirilib. Mərasimdə qəsəbənin yerli icra hakimiyyətinin, bələdiyyənin, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, yerli ictimaiyyətin nümayəndələri, diaspor təşkilatlarının rəhbərləri və soydaşlarımız iştirak ediblər.

Tədbirdə icra başçısı (kaymakam) Cəmil Özgür Önəği, Qarabağlar bələdiyyəsinin sədri Muhittin Selvitopu, Azərbaycan Türkləri və Dost Dərnəkləri Federasiyasının sədri İsa Ambarcı və digərləri çıxış ediblər. 28 il öncə Xocalıda baş verənlər Türk dünyasının "qanayan yarası" adlandırılıb, yalnız etnik mənsubiyyətinə görə 613 nəfərin qətlə yetirildiyi, bu soyqırımının heç bir vaxt unudulmayacağı bildirilib. Azərbaycan və Türkiyənin hər zaman və bütün dövrlərdə biri-birilə həmrəylik nümayiş etdirdiklərini vurğulayan natiqlər dünya birliyini Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsində ikili standartlardan əl çəkməyə çağırıblar.

Tədbir abidənin önünə gül dəstələrinin düzülməsilə başa çatıb.