Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Dövlət Komitəsində olub

17.02.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Volfqanq Maniq ilə görüşüb.

Komitə sədri səfirə Azərbaycanın diaspor siyasəti və bu siyasətin tərkib hissəsi olan layihələr, xüsusilə Diaspor Gənclərinin Yay Düşərgələrinin təşkili barədə məlumat verib.

Səmimi qəbula görə məmnunluq ifadə edən səfir öz növbəsində iki ölkə arasında diaspor siyasəti sahəsində münasibətlərin uğurla inkişaf etdiyini, əməkdaşlığın daha da dərinləşdiyini bildirib.

Görüşdə Almaniyadakı Azərbaycan diaspor təşkilatları, bu ölkədə yaşayan azərbaycanlıların fəaliyyəti, yaşadıqları cəmiyyətə inteqrasiya olunmaları, soydaşlarımızın Almaniyada Azərbaycanı uğurla təmsil etmələri və alman cəmiyyətinə verdiyi töhfələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.