Azərbaycan diasporu Ukrayna xalqına başsağlığı verib

10.01.2020

Ukraynadakı Azərbaycan diasporu bu ölkəyə məxsus təyyarənin İranda qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar müraciətlə çıxış edib.

Ukrayna Azərbaycanlıları Radasının (UAR) Prezident Vladimir Zelenskiyə və Ukrayna xalqına ünvanladıqları müraciətlərdə deyilir ki, Tehran yaxınlığında baş vermiş hadisədən kədərlənirlər: "Azərbaycan diasporu adından İranda təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz Ukrayna avialaynerinin Tehran yaxınlığında qəzaya uğramasına görə çox kədərlənirik. Həlak olanların doğmalarına və yaxınlarına, eləcə də bu dəhşətli faciə zamanı vətəndaşları həlak olan ölkələrin hökumətlərinə başsağlığımızı ifadə edirik".

Müraciətdə qeyd edilir ki, Azərbaycan diasporu səmimi qəlbdən əvəzolunmaz itkilər verən Ukrayna vətəndaşlarının dərdinə şərikdir və bu çətin anda onlara dözüm arzulayır.