Özbəkistanın iri kitabxanalarına Azərbaycana dair minlərlə nəşrlər hədiyyə edilib

10.01.2020

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 2019-cu ilin yekunlarına və 2020-ci ilin perspektivlərinə həsr olunmuş toplantı keçirilib.

Mərkəzin direktoru Samir Abbasov bildirib ki, 2019-cu ildə Daşkənd, Səmərqənd, Urgənc və Fərqanə şəhərlərindəki əksər iri kitabxanalara Azərbaycana dair zəngin kitab kolleksiyası, musiqi, sənədli və bədii film diskləri hədiyyə olunub. Bu il isə ölkənin digər bölgələrindəki böyük kitabxanalara zəngin kitab kolleksiyasının bəxş edilməsi planlaşdırılır.

Yanvarın 8-də belə kolleksiya Əlişir Nəvai adına Milli Kitabxanaya və Daşkənddəki İslam Sivilizasiyalar Mərkəzinə təqdim olunub. Kolleksiyada Azərbaycan tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair özbək dilində çap edilmiş nəşrlər yer alıb. Onların arasında xalqımızın ümummilli lideri Heydər Əliyevə, prezident İlham Əliyevə, iki ölkənin ədəbi əlaqələrinə həsr olunmuş kitablar, dahi Azərbaycan şairləri Nizami Gəncəvinin “Xəmsə” əsərinin xüsusi buraxılışı, İmadəddin Nəsiminin qəzəlləri, "Azərbaycan-Özbəkcə, Özbək – Azərbaycanca lüğəti” və s. əsərlər var.

Qeyd edək ki, yaxın zamanlarda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın İslam Sivilizasiyalar Mərkəzi arasında əməkdaşlığa dair Memorandumun imzalanması gözlənilir. Memorandumda təcrübə mübadiləsinin aparılması, birgə tədbir və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.