Kanadada bayram tədbirləri təşkil olunub

01.01.2020

Kanadanın Ottava və Monreal şəhərlərində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarına həsr olunmuş tədbirlər keçirilib.

Ottavadakı tədbir ölkəmizin Kanadadakı səfirliyinin dəstəyi, "Qarabağ" Azərbaycan dili məktəbi və azərbaycanlı icmasının təşkilatçılığı ilə baş tutub. Monrealdakı tədbir isə “Monreal Kanada-Azərbaycan Cəmiyyəti”nin (The Azerbaijani Society of Canada in Montreal) təşkilatçılığı ilə keçirilib.

Azərbaycan səfirliyinin Ottava şəhərində yerləşən binasında keçirilən tədbir zamanı ən mühüm bayramlardan biri sayılan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən, icmalararası əlaqələrin möhkəmləndirilməsindən danışılıb. 2019-cu il ərzində Kanadadakı diaspor təşkilatlarının sıralarının daha da genişləndiyi, Azərbaycan həqiqətlərinin yayılması üçün maraqlı layihələr gerçəkləşdirildiyi, ölkənin ictimai-siyasi həyatına daha sıx şəkildə inteqrasiya edildiyi vurğulanıb. 2020-ci ildə həyata keçirilməsi planlaşdırılan fəaliyyət proqramı ətrafında fikir mübadiləsi aparılıb.

Monrealdakı bayram şənliyində isə bu şəhərdə yaşayan, eləcə də yeni köçən azərbaycanlı ailələr və təhsil alan tələbələr iştirak ediblər. “Monreal Kanada-Azərbaycan Cəmiyyəti”nin prezidenti Rəna Müslümova tədbir iştirakçılarını bayramlar münasibətilə təbrik edərək, soydaşlarımıza təkcə dekabrın 31-də deyil, ilin hər günündə həmrəy olmağı arzulayıb.

Şən əhval-ruhiyyə ilə keçən tədbir zamanı Yeni ilin rəmzi sayılan Şaxta baba uşaqları hədiyyələrlə sevindirib.