Pyatiqorskda Nəsimi gecəsi keçirilib

9 Dekabr, 2019

Rusiyanın Stavropol diyarının Pyatiqorsk şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Azərbaycanlıların Milli-Mədəni Birliyi olan “Araz” cəmiyyətinin təşəbbüsü, Pyatiqorsk şəhər administrasiyasının və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşən tədbirdə şəhər Dumasının rəhbərliyi, Rusiyanın Qaraçay-Çərkəz, İnquşetiya, Stavropol və digər bölgələrindəki, eləcə də Moskva vilayətindəki diaspor təşkilatlarının üzvləri və Azərbaycandan gələn qonaqlar iştirak ediblər.
Tədbirdə “Araz” cəmiyyətinin təsisçisi və rəhbəri Təhmasib Zeynalov, Pyatiqorsk şəhər Dumasının rəhbəri Lyudmila Pohilko, tanınmış şair, publisist, tərcüməçi, Azərbaycan və Rusiya Yazıçılar Birliklərinin üzvü Sultan Mərzili və Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Şəlalə Həsənova çıxış edərək, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan, Azərbaycan türklərinin çoxəsrlik ənənələrə malik bədii-fəlsəfi fikrində dərin iz qoymuş dahi söz ustadının həyat və yaradıcılığı haqqında danışıblar, onun əsərlərində yer alan bəşəri və insani dəyərlərdən söz açıblar. Qeyd edilib ki, Azərbaycan mədəniyyəti hər zaman zənginliyi ilə diqqət çəkib və bu tədbir də onun əyani nümunəsidir.
Natiqlər diqqəti Nəsimi qəzəllərinin bədii-estetik gözəlliklərinə, əsərlərindəki dərin fəlsəfi düşüncələrə, kamil insan anlayışının mahiyyətinə, onun yaradıcılığının insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm rol oynadığına, Şərq dünyasında bununla bağlı xeyli bilgilərin mövcudluğuna cəlb ediblər. Bu şəhərdə dueldə qurban getmiş böyük rus şairi Mixail Lermontovla, Şamaxıda doğulub, uzaq Suriyanın Hələb şəhərində faciəli şəkildə vəfat etmiş Azərbaycan şairi Nəsimi arasında qəribə ruh yaxınlığının da hiss olunduğu vurğulanıb.
Gecədə ”Nəsimi” bədii filmindən fraqmentlər nümayiş olunub, Azərbaycanın Xalq artisti Samir Cəfərovun ifasında səslənən mahnılar tamaşaçıların alqışları ilə qarşılanıb. Azərbaycandan dəvət olunan “Şirvan” ansanblının və soydaşlarımızın yaratdığı “Novruz” xalq rəqs kollektivinin çıxışları da tədbir iştirakçılarının marağına səbəb olub.